Gömrük-sərhəd buraxılış məntəqələrində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Report”a bildirilib ki, respublikamızın bütün gömrük-sərhəd buraxılış məntəqələrində, o cümlədən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” və “Biləsuvar” gömrük postlarında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Hər bir nəqliyyat vasitəsi stasionar dezinfeksiya qurğusundan keçməklə rejim zonasına daxil olur.
Məlumata əsasən, ikinci mərhələdə dezinfeksiya tədbirləri qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş gömrük əməkdaşları tərəfindən əllə aparılır. Bu proses idxal nəzarət xəttində bir daha təkrarlanır. Gömrük nəzarəti başa çatdıqdan sonra nəqliyyat vasitələri mobil gömrük bölməsinin müşayiəti ilə xüsusi terminala yönləndirilir. Terminala daxil olan nəqliyyat vasitəsi burada yenidən dezinfeksiya edilir.
Ölkəmizə gətirilən yüklər Azərbaycan Respublikasına aid avtomobillərə boşaldılır. Tranzit yük daşıyan nəqliyyat vasitələri isə Dövlət Yol Polisinin müşayiəti ilə təyinat nöqtəsinə yola salınır.