Yuxarı

Gömrük Komitəsinin həbsdə olan sabiq əməkdaşı məhkəmədə dindirilib

​Gömrük Komitəsinin həbsdə olan sabiq əməkdaşı məhkəmədə dindirilib

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur MəmmədovFərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fərman Məmmədli ifadə verib.

O, ittihamları qəbul etmədiyini deyib. İş prinsipləri barədə danışan F.Məmmədli bildirib ki, Gömrük Hospitalına gətirilən malların böyük əksəriyyəti əvvəllər ölkə daxilindən alınıb. O qeyd edib ki, mallar gömrük xidmətinə çatanda müəyyən sənədlər tələb olunurdu.

O, dərmanların satışı ilə məşğul olmadığını söyləyib: "İttihamda yazılır ki, guya 15 milyon manat mənimsənilib. Orda hər şey dəqiq aparılırdı, bütün işlərə də Fikrət müəllim özü nəzarət edirdi. Həkimlərin, personalın maaşı və digər işlər. Fikrət müəllimin icazəsi olmadan, stol belə bir otaqdan digər otağa keçirilə bilməzdi".

F. Məmmədli işin düzgün araşdırılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abduyevin məhkəməyə gətirilməsini tələb edib: "Bütün işlər, proseslər Fikrət Qədiməliyevlə Sadiq Abduyev arasında olub. Bizim nə günahımız var? Misal üçün, Almaniyadan gələn dərman üçün 50 min manat pul verilsə nə xeyrim var, 20 min manat verilsə nə olacaq? Axı mənim burda nə marağım ola bilər?".

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi