Gəncə xəstəxanasındakı yanğında xəsarət alanların sayı açıqlanıb, korpusun fəaliyyəti dayandırılıb - VİDEO - YENİLƏNİB-5

Gəncə xəstəxanasındakı yanğında xəsarət alanların sayı açıqlanıb, korpusun fəaliyyəti dayandırılıb - VİDEO - YENİLƏNİB-5 Gəncə şəhərində xəstəxanada yanğın olub.
Hadisə
26 Aprel , 2023 15:32
Gəncə xəstəxanasındakı yanğında xəsarət alanların sayı açıqlanıb, korpusun fəaliyyəti dayandırılıb - VİDEO - YENİLƏNİB-5

TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada baş verən yanğınla bağlı məlumat yayıb. 

Qurumdan "Report"a bildirilib ki, yanğın elektrik şitində tüstülənmə baş verib.

Hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir. 

"Hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir. 

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən  araşdırma aparılır", - TƏBİB-dən qeyd olunub. 

12:47

Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 1963-cü il təvəllüdlü Nazilə Adis qızı Məmmədova dünyasını dəyişib.

O, tibb müəssisəsinin reanimasiya şöbəsində ürək xəstəliyindən müalicə alırmış. 

N.Məmmədovanın tüstüdən zəhərlənərək öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

11:16

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib. 

TƏBİB-dən "Report"a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Qeyd edilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir.

Bildirilib ki, artıq 58 nəfər təxliyə edilib və vəziyyət nəzarət altındadır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

10.51

Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın nəticəsində bir nəfər dünyasını dəyişib.

Bu barədə "Report"un Qərb bürosu xəbər verir.

Ölən şəxsin xəstəxananın reanimasiya şöbəsində tüstüdən zəhərləndiyi bildirilir.

10.29

Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub.

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

10.07

Gəncə şəhərində xəstəxanada yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub.

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi