TƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb - YENİLƏNİB

TƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb - YENİLƏNİB Gəncə şəhərində 1 nömrəli xətt üzrə hərəkət edən şəhərdaxili avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə
23 Oktyabr , 2023 16:24
TƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb - YENİLƏNİB

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar oktyabrın 23-də saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Qurumdan "Report"a bildirilib ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.

Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.

Qeyd edək ki, xəsarət alanlar 1988-ci il təvəllüdlü G.Hüseynova, 1988-ci il təvəllüdlü G.Verdiyeva, 1972-ci il təvəllüdlü S.Həsənova, 2007-ci il təvəllüdlü G.Hüseynova, 2006-cı il təvəllüdlü G.Alıyeva, 1985-ci il təvəllüdlü E.Hüseynov və daha 2 nəfərdir.

15:01

Gəncə şəhərində 1 nömrəli xətt üzrə hərəkət edən şəhərdaxili avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 8 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar xəstəxanaya yerləşdirilib. 6 nəfərə isə yerindəcə ambulator yardım göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.

"Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək", - o bildirib.

Son xəbərlər

Orphus sistemi