Polisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni barədə sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına təhqiramiz şərhlər yazanlar saxlanılıb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
O qeyd edib ki, əsassız olaraq təhqirə məruz qalan şəxslərin müraciətləri əsasında sosial şəbəkələrdə onları aşağılayan, şərəf və ləyaqətlərini təhqir edənlər müəyyən edilib:
“Həmin şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində Nazirliyin aidiyyəti qurumları tərəfindən müvafiq tədbirlər başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq madələri ilə onların hər biri barəsində protokol tərtib edilərək yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin əksəriyyəti barəsində inzibati həbs, bəziləri isə cərimələniblər".
E.Zahidov bildirib ki, öz yolverilməz hərəkətləri ilə vətəndaşların haqlı narazılığına səbəb olanların tapılıb məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər hazırda da davam etdirilir:
“Biz vətəndaşlarımıza, xüsusən gənclərimizə tövsiyə edirik ki, sosial şəbəkələrin onlara verdiyi, yaratdığı imkanlardan öz dünya görüşlərini, bilik və savadlarını artırmaq üçün istifadə etsinlər. Başqalarının şərəf və ləyaqətinə toxunan, aşağılayan statuslar, şərhlər yazmaqdan çəkinsinlər”.