Qaçdığı Fransadan yenidən Almaniyaya gətirilən Rəfail Piriyev adlı Azərbaycan vətəndaşının barəsindəki deportasiya qərarı icra ediləcək.
“Report”un Avropa Bürosunun əldə etdiyi məlumata görə, R.Piriyev ötən gün Fransadan təyyarə ilə Almaniyanın Hamburq əyalətinə gətirilib.
O, hazırda hava limanının yaxınığında yerləşən “Deportasiya mərkəzi”ndə saxlanılır.
R.Piriyev mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib, onları təhqir etdiyi üçün tək nəfərlik kameraya köçürülüb.
Yaxın günlərdə onun təyyarə ilə İtaliyaya deportasiya edilməsi gözlənilir.
Xatırladaq ki, Rəfael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Almaniyaya İtaliya vizası ilə daxil olduğudan, sığınacaq istəyi ilə bağlı müraciəti baxılmadan “Dublin sazişi”nə əsasən İtaliya Miqrasiya İdarəsinə yönləndirilib. Azərbaycan vətəndaşı qərardan məhkəməyə bir neçə dəfə şikayət edib. Ancaq məhkəmə onun sığınacaq istəyinin yalnız viza aldığı Avropa ölkəsində baxıla biləcəyini əsas gətirərək barəsində deportasiya qərarı verib.
R.Piriyev sosial şəbəkələrdə Azərbaycan hökuməti və müxalifəti barədə təhqiramiz çıxışları ilə tanınır.