Fövqəladə Hallar Nazirliyi (FHN) yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
FHN-dən "Report"a daxil olan məlumatda deyilir:
"Havaların isinməsi və yay mövsümünün yaxınlaşması kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur. Lakin nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və daha sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur.
Belə ki, bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli və təbii sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, havaların isinməsi ilə əlaqədar yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayır və bir neçə sadə təhlükəsizlik qaydalarını bir daha xatırladır:
- taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;
- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;
- siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;
- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;
- təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin. Tonqalı nəzarətsiz qoymayın;
- tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;
- küləkli havada tonqal qalamayın;
- yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;
- yanğın baş verərsə, mümkündürsə, onu əlinizin altında olan vasitələrlə (su, torpaq, qalın parça materialı və s.) söndürməyə çalışın və “112” qaynar xəttinə məlumat verin.
Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”-yə zəng edin!"