Yuxarı
    Bağlamaq

    ​Falçı “Həzrət Sabir” məhkəmə zalından azadlığa buraxılıb

    Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib

    Bakı. 7 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbasov Sabir Vidadi oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

    “Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

    Belə ki, S.Abbasov barəsində çıxarılan 3 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası azaldılaraq 1 il 1 ay yarıma endirilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, 2015-ci ilin fevral ayının 7-də Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan şəxsi yaxalayıb. Belə ki, Bakı şəhərində yaşayan, Binəqədi rayonunda fəaliyyət göstərən “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. Guya o, mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində S.Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, cinayət başında tutulub.

    S.Abbasov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

    Binəqədi Rayon Məhkəməsinin hökmü ilə S.Abbasov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi