Bakı. 6 fevral. REPORT.AZ/ 5 Fevral 2019-cu il tarixində İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32 də iki yeraltı təkan (zəlzələ) baş verib.
ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmıtinin rəisi Şahmirzə Səfərovun "Report"a verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub.
"İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.
Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır", - deyə o bildirib.