Bakı. 14 dekabr. REPORT.AZ/ "Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 3 nəfər müəyyənləşdirilib".
"Report"un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.
O bildirib ki, xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılıb. 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.