Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də rayon dövlət yol polisi şöbələri iyunun 14-də - "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq.
Bunu "Report"a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Məlumata görə, təsdiq olunmuş plana əsasən, bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur. Bildirilir ki, son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olacaq.
"Bundan başqa Bakı şəhərinin orta məktəblərinin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən, onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq. Eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub", - deyə V.Əsədov bildirib.
Onun sözlərinə görə, DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, "Son zəng" günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.
"Sürücü və piyadalara tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və "Son zəng" tədbirlərinin təhlükəsiz şəkildə başa çatmasına töhfə versinlər.
Yol polisi bu il orta məktəbi başa vuran bütün məzunları təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır", - deyə polis polkovniki söyləyib.