Bakı. 14 dekabr. REPORT.AZ/ "İl ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecəgörmə cihazı aşkarlanıb".
"Report"un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.
E.Quliyev qeyd edib ki, o cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib, əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində noyabrın 29-da dövlət sərhədinin pozulmasının qarşısı alınarkən baş vermiş atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdirilib, çavuş R.Kurupov tərəfindən atəş açmış sərhəd pozucusu ayağından güllə yarası almaqla saxlanılıb.