Dövlət qulluğuna qəbul imtahanı iştirakçılarının statistik göstəriciləri açıqlanıb

Dövlət qulluğuna qəbul imtahanı iştirakçılarının statistik göstəriciləri açıqlanıb Bakı. 25 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
Hadisə
25 Aprel , 2018 16:18
Dövlət qulluğuna qəbul imtahanı iştirakçılarının statistik göstəriciləri açıqlanıb
Report

Bakı. 25 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.

“Report”un xəbərinə görə, DİM imtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri açıqlayıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1181 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 536 nəfər (45.3% ) imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 491 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 43 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 11 nəfər imtahandan uğurla keçib. Dövlət qulluğunda çalışan və test imtahanında uğur qazanmış 11 nəfərdən 7 nəfər hazırda çalışdığı vəzifədən daha yüksək vəzifə qrupu üzrə sertifikat alıb. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər. 3 nəfər hazırda çalışdığı vəzifəyə uyğun, bir nəfər isə daha aşağı vəzifə qrupu üzrə sertifikat əldə edib.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 393 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 108 nəfər (27.5%) müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 55 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 21 nəfər uğur əldə edib.

"Beləliklə, ümumi statistikaya nəzər yetirdikdə aydın olur ki, ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin 45.3%-i, digər kaetoqoriyaya aid olanların isə 28.5%-i test imtahanından uğurla keçib. İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər müvəffəqiyyət göstəricilərinin daha yüksək olması bundan əvvəl keçirilən imtahanlarda da müşahidə olunub" - deyə, DİM-dən bildirilib.

Xatırladaq ki, ümumilikdə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib.

Son xəbərlər

Orphus sistemi