Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
O bildirib ki, faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir:
“Bu məlumatdan xəbərdarıq. Bununla bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Sadəcə olaraq, hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək. Ümumiyyətlə, uşaqlara qarşı fiziki, psixoloji və digər zorakılıq növlərindən istifadə etmək yolverilməzdir. Həmin zorakılıq faktları törədən şəxslərin əlindən uşaqların məhkəməyə müraciət edərək alınması məsələsi hər zaman aktual olub. Buna görə də valideynlər və valideyn hüquqlarından istifadə edən şəxslər bu hüquqlarından sui-istifadə etməməlidirlər. Həmin şəxslər fiziki zorakılıq törədəndə və himayəsində olduğu uşağa məsuliyyətsiz yanaşanda məhkəmə qərarına əsasən, öz hüquqlarını itirirlər. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Hadisəni törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Bildirilib ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb.
Məlumata görə, uşaqlar hazırda ana babalarının yanındadırlar. Onların atasından alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.