Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadə və Şəhriyar Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında S.İsmayılzadənin 7 il 6 ay və Ş.Abbasovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Rzayeva (ad və soyad şərti) "İnstagram" sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Ş.Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.
İttihama görə, həmin şəxslər qadından, ümumilikdə, 13 min manata yaxın pul alıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.