Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
A.Lapşin elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə ona sərbəst ifadə verməsini təklif edib. Lakin A.Lapşin suallara cavab vermək istədiyini söyləyib.
O, Azərbaycanın işğal altında olan ərazilərinə iki dəfə səfərə getdiyini deyib: "Bloqqer olmuşam. Dağlıq Qarabağa turist kimi iki dəfə səfər etmişəm. Orada çəkilən xərcləri özüm ödəmişəm. İnternet vasitəsilə öyrəndim ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Qarabağa gedəndə Azərbaycan tərəfinə heç bir müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə olarkən adını yadımdan çıxardığım otellərdə qalmışam. Məni Qarabağda müşayiət edən qarasaçlı şəxs idi. Orada olarkən Ermənistan tərəfinin rəhbər şəxslərindən heç kəslə görüşməmişəm. Orada olan zaman internet vasitəsilə məqalələr yazmışam".
Hakim bildirib ki, A.Lapşin prokurorun suallarına ironiya ilə cavab verir: "Burada dövlət ittihamçısı ziddiyətləri araşdırır".
A.Lapşin Qarabağa dair məqalələr yazdığını təsdiq edib: "Həmin videoları mən və digər şəxslər də çəkib. Özümün çəkmədiklərim videolarda görüntülərdə varam. Mən yazılarımda Dağlıq Qarabağı coğrafi ərazi kimi göstərmişəm. Həmçinin bir çox ölkələrdə - Suriya, Əfqanıstan, Kosovo, Qətər, Abxaziya, Osetiyada da olmuşam".
Prosesdə şahid qismində Könül Hüseynova, Rəfael Əlixanov, Rasim Hacıyev, Mərhəmət Abdullazadə və Vaqif Hüseynov dindirilib. Onlar ifadələrində qeyd ediblər ki, Qarabağdan olan məcburi köçkünlərdir. Şahidlərin sözlərinə görə, A.Lapşini internet vasitəsilə tanıyıblar. Onlar məhkəmədən təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini istəyiblər.
Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.