Məlahət İbrahimqızı: "Əli İnsanovun səhiyyə sistemi ilə bağlı yanaşması qərəzlidir"
- 27 may, 2019
- 08:53
“Əli İnsanovun səhiyyə ilə bağlı mövqeyindən təəssüflənirəm. Lupa ilə uğur axtarmaq düzgün deyil. Azərbaycan bütün sahələrdə, o cümlədən səhiyyə sistemində kifayət qədər nailiyyət əldə edib”.
Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, Əli İnsanovun səhiyyə sistemi ilə bağlı yanaşması qərəzlidir: “Səhiyyə xidməti necə yüksələ bilər? Xidmətin yüksəlməsi üçün müasir standartlara cavab verən infrastruktur, peşəkar kadrlar, maliyyə vəsaiti olmalıdır. Uğurlarımıza kölgə salmaq istəyən qüvvələr deyirlər ki, Azərbaycan niyə hələ də icbari tibbi sığorta tətbiq edilmir? Vaxtilə bəzi ölkələr islahatçı görünmək üçün icbari tibbi sığortanı tətbiq etdilər. Keçmiş post-sovet ölkələrin bəzilərini misal çəkə bilərəm. Onların bu addımı uğursuzluqla nəticələndi. Hazırda onlar köhnə metodu tətbiq etməyə çalışırlar, çünki icbari tibbi sığortaya keçidə hazır deyildilər. İslahatları infrastruktur və kadr sistemi hazır olduqdan sonra aparmaq olar. Azərbaycanın bölgələrində müasir standartlara cavab verən xəstəxanalar olmasaydı, bəzi rayonlarda icbari tibbi sığorta tətbiq edilə bilərdimi? Əlbəttə ki, xeyr! Məsələn, icbari tibbi sığorta Mingəçevirdə də tətbiq olunur, ürək əməliyyatları həyata keçirilir, deməli, bunun üçün şərait yaradılıb. İcbari tibbi sığorta təkcə Bakıda tətbiq edilməyəcək ki... Bu, bütün ölkəni əhatə etməlidir. Səhiyyə sistemində islahatlar kompleks həyata keçirilir, regionlarda müasir xəstəxanalar tikilir, kadrlar hazırlanır. İnsanların başını aldatmaq olmaz, sovet dövründən qalan dağılmış xəstəxanalarda icbari tibbi sığortanı tətbiq etmək düzgün olmazdı. Əminəm ki, 2020-ci ildən başlayaraq ölkə tam icbari tibbi sığortaya keçəcək. Əvvəllər həkimlər elə bilirdilər ki, icbari tibbi sığorta tətbiq olunanda, onlar işsiz qalacaqlar. Amma belə olmadı... Bu istiqamətdə maarifləndirmə işləri aparıldı. Pilot layihə tətbiq edilən bölgələrdə səhiyyə ictimaiyyəti də razılıqlarını bildirirlər. Onlar da görür ki, qabiliyyəti, bacarığı olanlara dəyər verilir. Burada əhalinin də məmnunluğu çox önəmlidir. Keçmişdə nazir olan şəxsin xırda çatışmazlıqları bu formada dilə gətirməsi təəssüf hissi doğurur. Əli İnsanov keçmiş nazir kimi səhiyyə sahəsində nailiyyətlər əldə edildiyini etiraf edilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlarla böyük uğurlara imza atmışıq. Azərbaycanda müstəqilliyin ilk illərində əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idisə, hazırda qazandığımız uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu, hansısa nazirin və ya məmurun uğuru deyil...”
Deputat qeyd edib ki, səhiyyə sistemində rüşvətin olduğunu iddia edən və bunu iqtidara bağlamağa cəhd edən Əli İnsanovun yanaşması tamamilə yanlışdır: “O, bu məsələdə tamamilə qərəzlidir. Bu yaxınlarda Avstriyada baş verənləri hər kəs izlədi. Avstriya demokratik, inkişaf etmiş dövlətdir. Orada rüşvət olayları baş verirsə, bunu bütövlükdə dövlətin adına bağlamaq düzgün deyil. Səhiyyə sistemində hansısa neqativ halı birbaşa iqtidara bağlamaq qərəzdən başqa şey deyil. Bu həm də düşmənçilikdir. Rüşvət, korrupsiya bütün dünyanı əhatə edir. Bütün demokratik ölkələr, o cümlədən Azərbaycan korrupsiyaya qarşı mübarizə aparır. Rüşvətlə hamı birlikdə mübarizə aparmalıdır. Prezident İlham Əliyev korrupsiya ilə bağlı mübarizədə siyasi iradə ortaya qoyub. Əli İnsanov etiraf edirsə ki, onun dövründə rüşvət halları olub, o zaman hüquq-mühafizə orqanlarına fakt verir".
Xatırladaq ki, Ə.İnsanov sonuncu müsahibəsini “Azadlıq” radiosuna verib.