Cəlilabadın Günəşli kəndinin 70 yaşlı ilk traktoru qorunur
- 12 iyul, 2022
- 12:01
Cəlilabad rayonunun Günəşli kəndinin 70 yaşlı ilk traktoru qorunaraq saxlanılır.
"Report"un Muğan bürosunun məlumatına görə, bu traktor kəndin ilk texnikasıdır və onun sayəsində vaxtilə kənd sakinlərinin işi xeyli dərəcədə asanlaşıb.
Bu səbəbdən də kənd sakinləri texnikanın qalıqlarını bu gün də qoruyub saxlayırlar.
Belə ki, "BTZ" markalı traktor kənddə fəaliyyət göstərən "Pokrovka" adlandırılan kolxoza 1940-cı illərin sonlarında gətirilib. Həmin zaman bu traktordan sahələrin şumlanması, malalanması, eləcə də arxasına qoşulan qoşğu vasitəsilə yüklərin daşınmasında geniş istifadə edilib.
Bu traktor gətirilənə qədər sahələrdə əsasən əl əməyindən istifadə olunub. Elə buna görə də texnikanın gəlişi təsərrüfatda müəyyən irəliləyişə səbəb olub.
Bu traktorun ehtiyat hissələrinin hamısı dəmirdən hazırlanıb. Sahələrdə istənilən hava şəraitində işləyə bilməsi üçün texnikanın arxa təkərlərinə dəmir çıxıntılar quraşdırılıb.
Kənd sakini Rövşən Abdullayev deyib ki, bu texnikanın ehtiyat hissələrini tapacağları təqdirdə onu gələcək nəsillərə ötürmək üçün işlək hala gətirmək niyyətindədir.