Cəlilabadda ev quşları başı və ayaqları kəsilərək oğurlanıb - FOTO
- 04 dekabr, 2017
- 11:06
Cəlilabad. 4 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda 30-dan artıq ev quşları başı və ayaqları kəsilərək oğurlanıb.
”Report”un Aran bürosu xəbər verir ki, bu qeyri-adi oğurluq hadisəsi rayonun M.Ə.Rəsulzadə küçəsinin sakini İlqar Şahmarovun təsərrüfatında qeydə alınıb.
Zərərçəkənin sözlərinə görə, səhər saatlarında toyuq-cücə və qazları yemləmək üçün hinin qapısını açdıqda oranın boş olduğunu görüb. Ətrafa göz gəzdirdikdə isə həyətyanı sahədə ev quşlarının kəsilmiş başları və ayaqlarının olduğu torba tapıb.
Məlum olub ki, hadisəni törədən şəxs və ya şəxslər ev quşlarının səsinin eşidilməməsindən ötrü bu üsuldan istifadə ediblər.
Xatırladaq ki, bu İlqar Şahmarovun evində törədilən ilk oğurluq hadisəsi deyil. Ötən il də onun evindən 1020 manat nağd pul və xeyli sayda məişət əşyaları oğurlanıb. Artıq hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.