Bakı. 27 sentyabr. REPORT.AZ/ Ali Məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayət-zadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib. Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.
Qeyd edək ki, İ.Hidayət-zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda ittiham olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İ.Hidayət-zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-zadə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib, birinci istnasiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, İ.Hidayət-zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.