Bu il Azərbaycanda 30 polis əməkdaşı xidmətdən xaric edilib

Bu il Azərbaycanda 30 polis əməkdaşı xidmətdən xaric edilib Daha 30 əməkdaş tutduğu vəzifədən azad olunub
Hadisə
1 Oktyabr , 2014 10:34
Bu il Azərbaycanda 30 polis əməkdaşı xidmətdən xaric edilib
Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) nazir general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə kollegiya iclası keçirilib. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib. İclasda məruzə ilə çıxış edən  DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev bildirib ki, bu il Azərbaycanda beynəlxalq standartlara cavab verən 38 yeni müvəqqəti saxlama yeri tikilib, 24-ü əsaslı təmir olunub. Ərazi polis orqanları üçün hökumət və qeyri-hökumət təşkilatlarından, eləcə də beynəlxalq qurumlardan olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq aparmalarına lazımi şərait yaradılıb və təkcə cari ilin 9 ayında onlar tərəfindən 200-dən çox müvafiq yoxlama tədbiri keçirilib. BMT, ATƏT və Avropa Şurası, Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq Miqrasiya Təşkilatları, Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də bu təşkilatların Azərbaycandakı müvafiq qurumlarının nümayəndələri ilə insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı nazirlikdə çoxsaylı görüşlər keçirilib.

İdarə rəisi bildirib ki, son 2 ilə yaxın müddətdə əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin hüquqlarının pozulması hallarının sayı xeyli azalıb, işgəncə vermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb. Cari ilin ötən dövründə isə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 8,1 faiz, bununla əlaqədar cəzalandırılanların sayı 13,2 faiz azalıb. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı aşkarlanmış 129 fakt üzrə 202 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 30 nəfər xidmətdən xaric edilib, daha 30 əməkdaş tutduğu vəzifədən azad olunub, 1 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb.

Son xəbərlər

Orphus sistemi