Bu gün Azərbaycan Premyer Liqasında III dövrənin son turuna start veriləcək
- 01 aprel, 2018
- 02:49
Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
"Report"un məlumatına görə, III dövrənin son tur qarşılaşmalarından biri autsayder, digəri isə liderin iştirakı ilə təşkil olunacaq.
Gəncə şəhər stadionunda "Kəpəz" "Zirə"ni qəbul edəcək. Hər iki kollektivin hazırda çempionatda işləri yaxşı getmir. Gəncə komandası qış fasiləsindən sonra yalnız XVIII turda "Səbail"lə ev oyununda xal əldə etməyə müvəffəq olub - 2:1. Paytaxt klubu isə qış fasiləsindən sonra qələbə sevinci yaşaya bilməyib. Hazırda "Kəpəz" 10 xalla 8-ci, "Zirə" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.
İndiyədək bu komandalar Premyer Liqada 10 dəfə üz-üzə gəliblər. Bunların 3-də "Kəpəz", 4-də "Zirə" qalib olubsa, daha 3 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "Kəpəz" geridədir - 10:14. “Zirə” bu mövsüm hər iki görüşdə böyükhesablı qələbə qazanıb - 3:0. Son 6 matçda qol vuran komanda quru hesabla qalib gəlib.
Günün digər qarşılaşması Bakının Suraxanı qəsəbəsindəki "Azərsun Arena"da "Qarabağ"la "Keşlə" arasında oynanılacaq. Hazırda Ağdam komandası 49 xalla 1-ci, paytaxt təmsilçisi isə 16 xalla 7-ci pillədə qərarlaşıb. Bu komandalar arasında indiyədək 53 çempionat oyunu olub. "Qarabağ" 24, "Keşlə" 12 dəfə qalib gəlibsə, daha 17 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində ağdamlılar öndədirlər - 60:32.
Digər tərəfdən, “Qarabağ” axırıncı 3 oyunda "Keşlə"ni quru hesabla yenib və öz meydanındakı son 7 matçda 2-dən çox qol vurulmayıb.
Azərbaycan Premyer Liqası, XXI tur
1 aprel (bazar)
“Kəpəz” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu, 15:00
“Qarabağ” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Azersun Arena”, 18:30
Turun son 2 oyunu aprelin 2-də keçiriləcək. Sabah "Qəbələ" "Sumqayıt"ı, "Neftçi" "Səbail"i qəbul edəcək.