Broyler fabrikindən 800-ə yaxın cücəni oğurlayan işçilər saxlanılıb

Hadisə
  • 06 yanvar, 2018
  • 09:00
Broyler fabrikindən 800-ə yaxın cücəni oğurlayan işçilər saxlanılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu il yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.

Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.