Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəmə istintaqı yekunlaşıb

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəmə istintaqı yekunlaşıb Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib
Hadisə
15 Dekabr , 2016 13:36
Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəmə istintaqı yekunlaşıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə M.Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib.

O bildirib ki, Binəqədi rayonunda baş verən yanğın zamanı hadisə yerinə baxış protokolu tərtib edilib: "Həmin zaman "Sony" markalı kamera ilə videoçəkiliş aparılıb. Lakin həmin videoçəkiliş cinayət işinin matreallarından çıxarılıb. Həmin videoçəklişlərin cinayət işinə əlavə olunmasını tələb edirik".

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq, hadisədən sonra ekpertizanın rəyini açıqlayan Azər Vəliyevin məhkəmədə dindirilməsini istəyiblər: "Onun ekspertiza rəyində tədqiqat və nəticə hissəsi bir-birinə ziddir".

A.Məmmədovun vəkili vəsatətlə çıxış edərək müvəkkilinin “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətində xidməti müqavilə əsasında işlədiyini deyib: "Həmin zavodun direktoru Məhəmməd Abbasovun məhkəmədə ifadə verməsini tələb edirik".

Vəsatətlər təmin edilməyib.

Məhkəmənin istintaqının yekunlaşdırıldığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi