Bıçaqlanan şəxs məhkəmədə dostuna qarşı ifadə verməkdən imtina edib

Hadisə
  • 11 iyul, 2018
  • 11:54
Bıçaqlanan şəxs məhkəmədə dostuna qarşı ifadə verməkdən imtina edib

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Pərviz Cəfərov dindirilib.

O deyib ki, V.İbrahimovla dost olub: "Vüsal mənə heç bir xəsarət yetirməyib, bıçaq zərbəsi isə dəyməyib. Heç bir şikayətim, tələbim yoxdu. Mənim ayağım büdrəyib yıxılmışam. Belimə metal girib".

Hakim zərərçəkmişin istintaqa verdiyi ifadəsini elan edib. Həmin ifadədə də zərərçəkmiş eyni məzmunlu ifadə verib.

Təqsirləndirilən V.İbrahimov isə istintaqda bildirib ki, tanışı P.Cəfərovu söyüş üstündə vurub.

Məhkəmənin növbəti prosesi iyulun 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il okyabrın 28-də Xətai rayonu NZS qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Vüsal İbrahimov dostu Pərviz Cəfərovu kürəyindən bir bıçaq zərbəsi vuraraq sağlamlığına ağır zərbə vurub.

O, Xətai rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.