Bakı. 12 dekabr. REPORT.AZ/ "Rabitə işi"ndə təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov məhkəmə qərarından kassasiya şikayəti verib.
"Report"un xəbərinə görə, B.Hüseynovun kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.
Məhkəmə iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hərbiri 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.
Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.
Daha sonra V.Zeynalovun ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.