Bərdədə evlərdən silsilə oğurluq edən dəstə saxlanılıb
- 27 oktyabr, 2018
- 05:32
Bərdə. 27. Oktyabr. REPORT.AZ/ Bərdə rayonunda mənzillərdən oğurluq edən 3 nəfərdən ibarət dəstə saxlanılıb.
Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi Mətn Qəmbərov "Report"un Qarabağ bürosuna bildirib ki, rayonda oğurluqla məşğul olan dəstə üzvləri tutulublar.
Belə ki, Bərdə rayon sakinləri Qurbanlı Zamin Cəlal oğlu, Allahverdiyev Həsən Abbas oğlu və Yusifli Tamerlan Rza oğlu bu ilin sentyabr və oktyabr aylarında qabaqcadan əlbir olaraq həmyerliləri Abdullayev Rəhim Zülfüqar oğlu, Süleyman Svetlana Cavanşir qızı, Qasımova Kəmalə Əhməd qızı və Adıgözəlov Rəhilə Xanlar qızına məxsus mənzillərə qanunsuz daxil olublar. Saxlanılan şəxslər mənzillərdən pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlayıblar. Onlar vətəndaşlara 4500 manat maddi ziyan vurublar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb istintaq aparılır.