Bərdə xəstəxanasında pasiyentlə tibb bacısı arasında insident baş verib - ƏLAVƏ OLUNUB
- 27 iyun, 2019
- 20:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə rayonunda tibb işçiləri döyülüblər.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, insident Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində baş verib.
Orta yaşlı kişi sərxoş halda xəstəxanaya gəlib və ona lazımi tibbi yardım göstərilmədiyini əsas gətirərək, həkimlərə hücum çəkib. Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb. Özünü idarə edə bilməyən və şəxsiyyəti məlum olmayan şəxs xəstəxanada olan inventar və tibbi avadanlığı dağıdaraq yararsız vəziyyətə salıb.
Növbətçi həkimlər onu sakitləşdirmək istəsələr də, buna nail ola bilməyiblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları əraziyə gələrək həmin şəxsi saxlayıb.
Faktla bağlı Bərdə polisi araşdırma aparır.
Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda həkim və tibb bacısının döyülməsi barədə xəbərə münasibət bildirib. DİN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, şəxsiyyəti məlum olmayan kişi sərxoş halda xəstəxanaya gəlib. Həmin şəxs xəstəxananın tibb bacısı ilə mübahisə edib və onu nalayiq ifadələrlə təhqir edib.
Həmin şəxsin E.Məmişzadə olduğu məlum olub. O, Bərdə Rayon Polis Şöbəsinə dəvət olunub, onun izahatı alınıb.
DİN-dən bildirilib ki, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.