“Başqasının hüquqlarının müdafiəsinə bu gündən qalx” kampaniyasına start verilib

“Başqasının hüquqlarının müdafiəsinə bu gündən qalx” kampaniyasına start verilib Bakı. 11 dekabr. REPORT.AZ/ Ombudsman “Başqasının hüquqlarının müdafiəsinə bu gündən qalx” kampaniyasına Azərbaycanda start verib.
Hadisə
11 Dekabr , 2017 17:23
“Başqasının hüquqlarının müdafiəsinə bu gündən qalx” kampaniyasına start verilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Ombudsman “Başqasının hüquqlarının müdafiəsinə bu gündən qalx” kampaniyasına Azərbaycanda start verib.

Ombudsman Aparatından "Report"a verilən məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad Al Husseyn Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin gələn il dekabrın 10-da qeyd olunacaq 70 illiyinə həsr olunmuş “Başqasının hüquqlarının müdafiəsinə bu gündən qalx” çağırışı ilə hamını bu il 10 dekabr tarixindən başlanılan və bir il davam edəcək, hər bir kəsə ünvanlanmış ümumdünya kampaniyaya qatılmağa dəvət edib. Həmin mesajın mahiyyətində hüquq bərabərliyi, ayrı-seçkiliyə yolverilməzlik, ictimai fəallıq, iştirakçılıq, kütləvilik və əməkdaşlığın inkişafına çağırış durur.

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Uşaq Fondunun ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş, Milli Məclisin rəhbərliyi və deputatların, beynəlxalq təşkilatların və dövlət qurumlarının rəhbərliyi və əməkdaşlarının, QHT və KİV təmsilçilərinin iştirakı ilə “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda beynəlxalq konfransı uğurla keçirib. Həmin konfransda Ombudsman BMT-nin “Başqasının hüquqlarının müdafiəsinə bu gündən qalx” kampaniyasını ölkəmizdə bəyan edərək insan hüquqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması istiqamətində bütün dövlət qurumlarını, beynəlxalq təşkilatları, yerli QHT və KİV-ləri, icmaları birgə fəaliyyətə dəvət edib.

E.Süleymanova bu kampaniyanın təbliğ olunması və təşkili ilə bağlı Ombudsmanın uşaq, qadın və ahılların hüquqları üzrə resurs mərkəzləri olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində, Azərbaycan Qadın və İnkişaf Mərkəzində, habelə Ahılların Resurs Mərkəzində də bu barədə geniş məlumat vermiş və mahiyyətini açıqlayıb. Həmin qurumların nümayəndələri bunu razılıqla qarşılayaraq kampaniyaya qatıldıqlarını söyləyib.

Yeri gəlmişkən, Beynəlxalq İnsan Hüquqları Günündə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun nəticələrini uşaqlara çatdırmaq üçün Müvəkkilin təşəbbüsü ilə Liderlik Məktəbində tədbir təşkil olunub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Forumun nəticələri barədə məlumat verib, Forumun işində aparıcı, qruplarda moderator və iştirakçı qismində iştirak edən Liderlik məktəbinin üzvləri rəy və təkliflərini bildirib, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi