Baş prokuror əməliyyat müşavirəsi keçirib - YENİLƏNİB

Baş prokuror əməliyyat müşavirəsi keçirib - YENİLƏNİB Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Hadisə
23 İyul , 2021 17:54
Baş prokuror əməliyyat müşavirəsi keçirib - YENİLƏNİB
0 : 00
0 : 00

İyulun 23-də Baş Prokurorluqda 2021-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın zəfər salnaməsinin memarı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu böyük qələbə konsepsiyasının möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Dəmir yumruq”la həyata keçirilməsi nəticəsində uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi zəfərimiz Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə ölkəmizin növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaratmış, Qarabağı həyata qaytaracaq “Böyük Qayıdış”ın əsasını qoymuşdur.
İşğaldan azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa ediləcəyinə əminlik ifadə olunmaqla, ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinə və digər azad olunmuş rayonlara səfərləri, orada üçrəngli Azərbaycan bayrağının ucaldılması, Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməklə müstəqillik tariximizdə ilk dəfə “Xarı bülbül” festivalı keçirilməsinin doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olduğu vurğulanmışdır.
Xüsusi olaraq qeyd edilmişdir ki, - Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamə Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni mərhələyə yüksəltmişdir.
Münaqişənin başa çatması ilə birlikdə milli-mənəvi və ekoloji terrora məruz qalmış torpaqlarımızda başlanmış möhtəşəm quruculuq işləri, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqi, Füzuli-Şuşa, Bərdə-Ağdam, Zəngilan-Horadiz avtomobil yollarının, həmçinin Füzuli və Zəngilan beynəlxalq hava limanlarının, Ağdam şəhərinin Baş Planının təsdiq edilməklə bir sıra infrastruktur obyektlərinin təməlinin qoyulması ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etməklə regionda sabitliyin və təhlükəsizliyin inkişafına öz töhvəsini verəcəyi bildirilmişdir.
Baş prokuror diqqətə çatdırmışdır ki, uzun illərdən sonra torpaqlarımıza qovuşmaqda əvəzsiz xidmətləri olmuş Vətən müharibəsinin hər bir iştirakçısı, şəhid ailələri, qazilər, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunmaqla bu istiqamətdə “YAŞAT” fondu tərəfindən həyata keçirilən tədbirlər müstəsna əhəmiyyətə malik olmuşdur.
Müşavirədə ölkəmizin 2021-ci ilin birinci yarımilində koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər və iqtisadi məhdudiyyətlərə baxmayaraq bütün sahələrdə inkişaf tempini qoruyub saxladığı bildirilməklə görülmüş qabaqlayıcı tədbirlərlə pandemiyanın fəsadlarının aradan qaldırıldığı, həyata keçirilən uğurlu vaksinasiya strategiyası nəticəsində əhalimizin böyük bir hissəsinin peyvənd olunduğu qeyd olunmuşdur.
Beynəlxalq sahədə uğurlu xarici siyasətin davam etdirildiyi vurğulanmaqla ölkəmizdə dünya miqyaslı idman turnirləri olan “Formula-1” yarışları və ilk dəfə olaraq futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 oyununun keçirilməklə Respublikamızın bütün dünyaya güclü iqtisadi potensiala, zəngin mədəniyyətə, özünəməxsus dəyərlərə və ictimai-siyasi sabitliyə malik ölkə olduğunu bir daha nümayiş etdirdiyi diqqətə çatdırılmışdır.
Xüsusi qeyd edilmişdir ki, 2021-ci ilin birinci yarımilində də prokurorluq orqanları möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş, bu baxımdan ölkə başçısının fevralın 8-də paytaxtın Binəqədi rayonu ərazisində Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirakı quruma göstərilən etimadla yanaşı prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirmişdir.
Görülən işlərin davamı olaraq, hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə ölkə başçısının sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğunun yaradılması Qarabağın yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində mühüm önəm kəsb edir.
Dövlət başçısının dəstəyi ilə prokurorluqda müasir məzmunlu islahat tədbirlərinin davamı kimi şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində cənab Prezidentin 7 may 2021-ci il tarixli Fərmanı da müstəsna əhəmiyyətə malik olmuşdur.
Qeyd edilmişdir ki, cari ilin birinci yarımilində prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq münasibətlərinin inkişafına da xüsusi diqqət yetirilmiş, bu dövrdə Rusiya Federasiyası və Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokurorlarının rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə qarşılıqlı işgüzar səfərləri zamanı onların ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilməsi ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratdığı xüsusi vurğulanmışdır.
Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, əhalinin hər 100 min nəfərinə düşən 147 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam etmiş, 2021-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 14 min 928 cinayət qeydə alınmışdır ki, bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil etmiş, daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açılması təmin edilmiş, 435 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa az ağır və ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, xuliqanlıq, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərin sayı azalmış, cinayətlərin açılması 88,7% təşkil etmişdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergi ödəməkdən yayınma cinayətlərində artım tendensiyası qeydə alınmışdır ki, bu tendensiyanın səbəbləri təhlil edilməklə qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi təmin ediləcəkdir.
Ümumilikdə ölkə üzrə cəmi 8197 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 671-i prokurorluq orqanlarında isintaq edilmişdir. Prokurorluq orqanları tərəfindən 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilmişdir.
Respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 174 milyon 62 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 51,5 faizinin, yəni 89 milyon 683 min manat hissəsinin ödənilməsinə nail olunmuş, həmçinin cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 668 min 949 manat məbləğində pul vəsaiti ödənilmişdir.
Hesabat dövründə möhtərəm cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövrlərdə olduğu kimi davam etdirilərək bu sahədə həyata keçirilmiş kompleks tədbirlərin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan verdiyi qeyd edilmişdir.
Bildirilmişdir ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 8 milyon 785 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, həmçinin cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 1 milyon 952 min manat ödənilməklə 44 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur.
Həmin cinayət işlərindən 72 şəxs barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olmuşdur.
İstintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş cəmiyyətdə rezonans doğurmuş bir sıra cinayət işləri üzrə təqsirkar şəxslərin, o cümlədən ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsində işləmiş Vüqar Səfərli, Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov, “Yeni Klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və digərlərinin korrupsiya hüquqpozmaları törətməsinə əsaslı şübhələr müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilmişlər.
2021-ci ilin birinci yarımili ərzində Baş idarədə fəaliyyət göstərən 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 29 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 60 cinayət işi başlanmışdır.
2021-ci ilin birinci yarımili ərzində Baş İdarə korrupsiya ilə mübarizədə beynəlxalq təşkilatların tövsiyələrinin, müvafiq konvensiyaların müddəalarının yerinə yetirilməsi, bu sahədə digər ölkələrin uğurlu təcrübələrinin və əldə olunmuş nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin, ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, habelə anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və ümumilikdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
Belə ki, 17-31 may 2021-ci il tarixlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən ölkəmizin 5-ci raund pilot qiymətləndirilməsi prosedurunun növbəti mərhələsi kimi virtual müsahibələr keçirilməklə ölkəmizin korrupsiyaya qarşı mübarizə strategiyası fonunda iqtisadiyyat, prokurorluq və məhkəmə orqanlarının fəaliyyəti də daxil olmaqla 13 fərqli mövzu üzrə müsahibələr aparılmış, ekspert heyətinin sualları müvafiq qurumların nümayəndələri tərəfindən cavablandırılmışdır.
Bundan başqa, 2-4 iyun tarixlərində Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasında iştirak etməklə BMT-nin nümayəndələrinin, Korrupsiya əleyhinə Konvensiyaya tərəf olan digər ölkələrin dövlət və hökumət başçıları, o cümlədən digər yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə məruzə ilə çıxış edilmişdir.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində erməni silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparıldığı, həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirildiyi bildirilmişdir.
Müşavirədə daxili işlər və dövlət təhülkəsizliyi orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə və digər xüsusilə ağır cinayətlərin açılması təmin edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilildiyi qeyd edilmişdir.
2021-ci ilin birinci yarımilində Respublika Hərbi Prokurorluğu tərəfindən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və digər qurumlarla birlikdə zəruri tədbirlərin görüldüyü, bu müddətdə erməni silahlı birləşmələrinin qanunsuz əməlləri ilə bağlı 63 cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməklə “Yerkrapa” silahlı birləşməsinin üzvləri Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan barəsində cinayət işinin məhkəməyə göndərildiyi diqqətə çatdırılmışdır.
Hesabat dövründə dövlət təhlükəsizliyi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət üzrə də zəruri işlər görüldüyü qeyd edilməklə Ermənistan Respublikası vətəndaşı olan terrorçu-diversant dəstələrin 53 üzvünün təqsirləndirilmələrinə dair 3, Livan Respublikasının vətəndaşı Viken Eulcekcian və Rusiya Federasiyasının vətəndaşı Eduard Dubakovun və digərlərinin, ümumilikdə 57 şəxs barəsində 6 cinayət işinin ibtidai istintaqının peşəkarlıqla aparılıb tamamlanaraq məhkəməyə göndərildiyi bildirilmişdir.
Məhkəmə baxışları davam edən həmin işlər üzrə dövlət ittihamının peşəkarcasına müdafiəsinin aparılması təmin olunmaqla toplanmış sübutlar əsasında təqsirli şəxslərə layiqli cəzanın verilməsinin tələb ediləcəyi vurğulanmışdır.
Eyni zamanda, qanunsuz erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində törədilmiş cinayətlər üzrə intensiv və hərtərəfli istintaqın aparıldığı diqqətə çatdırılmaqla toplanmış sübutlarla təqsiri müəyyən edilmiş şəxslərin beynəlxalq müstəvidə və yerli məhkəmələr tərəfindən məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlərin icrasının davam etdirildiyi bildirilmişdir.
Əməliyyat müşavirəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə uğurlu göstəricilər əldə olunduğu, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirildiyi, vətəndaşların müraciətlərinə baxılmasının diqqətdə saxlanıldığı qeyd edilmişdir.
Hesabat dövründə cinayət təqibindən kənar icraatlar sahəsində inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 70 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüququndan məhrum edilməsinə dair məhkəmələrdə iddialar qaldırılmış, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilmişdir.
Prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənmiş, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 12 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilmişdir.
Əməliyyat müşavirəsində qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmış, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.
Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq müvəffəqiyyət əldə etmiş 100 namizədin təyinatlarının aparılması nəticəsində müsabiqə yolu ilə qulluğa qəbul edilmiş gənc prokurorluq işçilərinin prokurorluğun kadr korpusunun 78%-ni təşkil etməsinin ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi kimi dəyərləndirilmişdir.
Cari ilin birinci yarımilində Azərbaycan Respublikası Prokurorluğunun başlıca fəaliyyət istiqamətlərindən olan ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhvə verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclasları keçirilməklə geniş müzakirələr və faydalı fikir mübadiləsinin aparıldığı diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, ölkə başçısının dəstəyi ilə prokurorluq orqanları əməkdaşlarının və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks və ardıcıl tədbirlər davam etdirilməklə Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramının icrası ilə əlaqədar inşa edilmiş paytaxtın Xətai rayonu ərazisində 160 mənzilli yaşayış kompleksi istifadəyə verilməklə prokurorluq əməkdaşları və veteranlarından ibarət kooperativ üzvləri güzəştli şərtlərlə mənzillərlə təmin edilmişlər.
Müşavirədə cari ilin aprel ayında təsis edilmiş “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyi ilə əlaqələrin genişlənməsinin, sabiq prokurorluq əməkdaşlarının təcrübəsindən və peşə bacarıqlarından istifadənin əhəmiyyəti vurğulanmışdır.
Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmuşdur.
Xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanmışdır.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır.
Eyni zamanda, cari hesabat dövründə də koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar prokurorluq orqanları tərəfindən yerli polis, digər hüquq mühafizə, icra orqanları və tibb müəssisələri ilə əlaqəli surətdə həyata keçirilən tədbirlərin davam etdirilməklə əhalinin peyvəndlənməsinin aparılması, eləcə də toy-nişan şənliklərinin keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunması, əhalinin sanitariya-epidemioloji salamatlığının qorunmasının hüquqi vasitələrlə təmini sahələrində prokuror nəzarəti tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir.
Müşavirədə intihar və intihara cəhd hadisələrinin minimuma endirilməsi və qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılmaqla 23 iyun 2021-ci il tarixdə Baş Prokurorluğun təşkilatçılığı ilə dövlət qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş yüksək səviyyəli konfransın yekunu üzrə qurumlararası İşçi qrupun yaradılmasının bu sahədə nəticələr əldə etməyə imkan verəcəyinə əminlik ifadə olunmuşdur.
Bununla yanaşı, sintetik və təbii mənşəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, hazırlanması ilə bağlı cinayətlər üzrə ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti üzərində prokuror nəzarətinin gücləndirilməklə, cəza tədbirləri ilə yanaşı xüsusilə gənclər arasında istehlakının təbliğ edilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanları ilə birlikdə maarifləndirmə işlərinin genişləndirilməsinin və digər zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir.
Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı müvafiq normativ aktların, həmçinin digər sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair layihələrin hazırlanmaqla aidiyyəti üzrə təqdim edildiyi bildirilmişdir.
Müşavirədə həmçinin qaz sızması və partlayışı, dəm qazı ölümü və sağlamlığa zərər vurulması hallarının qarşısının alınması istiqamətində İnzibati Xətalar Məcəlləsində, “Qaz təchizatı haqqında” Qanunda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinin nəzərdə tutan layihələrin hazırlandığı bildirilməklə bu kimi hadisələrin başvermə səbəblərini doğuran halların aradan qaldırılması üçün məqsədyönlü tədbirlərin aparılmasının önəmi diqqətə çatdırılmışdır.
Əməliyyat müşavirəsində prokurorluğun fəaliyyətində səmərəliliyin artırılmasında mühüm rol oynayacaq “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin qısa müddət ərzində icrasının əhəmiyyəti qeyd edilmişdir.
Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov hesabat dövündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair mövzuda çıxışlar etmiş, müzakirələrlə bağlı fikir mübadiləsi aparılmışdır. (Əməliyyat müşavirəsindən sonra qeydlər aparılacaq)
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə etmişdir.

14:21

İyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə 2021-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Son xəbərlər

Orphus sistemi