Baş prokuror Bakı sakininin yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işini nəzarətə götürüb

Baş prokuror Bakı sakininin yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işini nəzarətə götürüb Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
28 Dekabr , 2016 16:49
Baş prokuror Bakı sakininin yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işini nəzarətə götürüb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu il dekabrın 9-da saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Küləfirəngi” restoranının qarşısında Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Qaraxan Ağayevin təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə “Report”a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

İş üzrə hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilib, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə iş üzrə istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi