Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nəsib Gülməmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsib Gülməmmədov “Bank of Baku” ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan 3 ədəd “Kia-Optima”, 1 ədəd “Kia-Sorento”, 1 ədəd “Jeep Grand Cherokee” və 1 ədəd “Hyundai” markalı avtomobillərin “Bank of Baku” ASC-nin adından Baş Dövlət Yol Polisinin ünvanına saxta məktublar tərtib etməklə həmin avtomobilləri girovdan çıxarması və aldatma yolu ilə digər şəxslərə satması müəyyən edilib.
Daha sonra N.Gülməmmədov saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.