Balakəndə silsilə oğurluq edən dəstə üzvlərinin məhkəməsi başlayır
- 19 mart, 2020
- 07:35
Balakən rayonunda evlərdən oğurluq edən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.
Hakim Hümbət Səlimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Pərviz Umudov, Zamiq Osmanov və Mehman Sabirov Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham edilirlər.
Bu ilin yanvar ayında Balakən Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən bir neçə evdən oğurluq olması barədə müraciət daxil olub. Daxil olan müraciətlər əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslər saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ötən ilin noyabr ayından bu ilin yanvar ayınadək olan müddətdə 3 ayrı-ayrı evdən televizorlar və müxtəlif əşyalar oğurlayıblar.