İyulun 2-dən etibarən xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib.
“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşların karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndirilib.
Qeyd edilib ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılıb, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən edilib.
Xüsusi polis postlarının ləğv edilməsindən sonra bir sıra suallar ortaya çıxışıb. Yollar necə tənzimlənəcək? SMS icazə əsasında şəxsi avtomobilində iki saatlıq çıxa bilən şəxs maşınını icazə portalında qeydiyyatdan keçirməyə ehtiyac varmı?
“Report”un suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, SMS icazə əsasında şəxsi avtomobilində iki saatlıq çıxa bilən şəxs maşınını icazə portalında qeydiyyatdan keçirməyə heç bir ehtiyac yoxdur:
“Çünki əvvəldən də bu qayda belə müəyyənləşdirilib ki, şəxsi avtomobil olan şəxs SMS icazə və yaxud iş icazəsi əsasında həmin maşından istifadə edə bilər. Əslində buna təhlükəsizlik və məntiqi baxımından yanaşanda daha səmərəli variantdır. Nəinki həmin vətəndaşı məcbur edək ki, gedib avtobus və metrodan istifadə eləsin. Orada yoluxma riski daha yüksəkdir, şəxsi avtomobilində isə daha təhlükəsiz ola bilər. Bir sözlə, icazəsi olan şəxs şəxsi avtomobilindən istifadə edə bilər”.
Məsələn, kimsə digər şəxsi avtomobilini 2 saatlıq etibarnamə ilə götürüb, idarə edir. Vaxtı bitdi, kameraya düşdü. Cərimə kimə yazılacaq? Kamera maşının kimin idarə etdiyini müəyyənləşdirir?
Ekspert deyib ki, hər bir şəxsin avtomobili idarə etməsi üçün hüquqi bir sənədi olmalıdır:
“Avtomobili idarə edən şəxsin adına ya qeydiyyat şəhadətnaməsi, ya da etibarnamə olur. Mülki və yaxud baş etibarnamə. Bu ikisindən biri yoxdursa, bunu hətta yol polisi də küçədə aşkarlasa, etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulur, yəni cərimə tətbiq olunacaq. Lakin kimsə başqasının maşınını idarə edirsə, onu sistem necə müəyyənləşdirəcəksə, bunun tam təfərrüatı hələ bu gün də məlum deyil. Daxili İşlər Nazirliyi qeyd edir ki, kameralar vasitəsi ilə cərimələr tətbiq ediləcək. Kameralar vasitəsi ilə cərimələrin tətbiq edilməsi bugünkü gündə dünyanın tək-tük ölkələrində var. Hələ o da müəmmalı qalır ki, necə tətbiq edilə bilər? Sürücülərin əksəriyyəti arxa və yan şüşələrə plyonka vurur. Arxa oturacaqda da sərnişinləri əyləşdirib, daşıyır. Heç kəs də onu görmür, saxlamır. Kamera da bunu çəkə bilməz. İndi sükan arxasında olan sürücünün icazəsinin olub-olmaması məsələsinə baxılır. Deyək ki, sistemə vurulur, kamera maşının nömrəsini oxuyur. Sistemdə də göstərilir ki, bu maşın kimə məxsusdur. Həmin şəxsin adı da sistemdə dərhal çıxır ki, 2 saat ərzində icazə alıb, ya almayıb. Və yaxud da iş icazəsi var, ya yoxdur. Bunların heç biri yoxdursa, avtomatik həmin maşının hərəkəti ilə bağlı neçə etibarnamənin olduğuna baxılır. Məsələn, avtomobil bir nəfərin adınadırsa, onun da icazəsi yoxdursa, həmin maşın da küçədə hərəkət edirsə, onda həmin şəxsə dərhal protokol tərtib edilə bilər. Barəsində protokol tərtib edilən şəxs iddia edə bilər ki, həmin vaxt maşını qardaşı idarə edirdi. Bu zaman da həmin protokol həmin şəxsin özünə yox, qardaşına yönləndirilə bilər. Bu, qanunda da var. Lakin qardaşı da onu təsdiqləməlidir. Bu təxminən adi yol hərəkəti qaydaları pozulması zamanı üzə çıxan məsələlər kimidir.
E.Muradlı Daxili İşlər Nazirliyinin atdığı bu addımı təqdirəlayiq hesab edir:
“Çünki karantin postlarında çox sıxlıq olurdu. Nazirliyin atdığı bu addıma görə təşəkkür edirəm. İsti hava şəraitində orada xidmət aparan polis əməkdaşları da çox əziyyət çəkirdi. Kameralarla yanaşı adi halda da xidmət aparılacaq. Küçədə şübhə yarandığı maşın polis əməkdaşları tərəfindən saxlanılacaq. Saxlanılma səbəbi yol hərəkəti qaydaları ilə bağlı deyil. Sadəcə polis əməkdaşı özünü təqdim edib, sənədləri tələb edəcək. Polis həmin sürücü və sərnişinin icazəsinin olub-olmadığını yoxlayacaq. Vətəndaşlar bilsin ki, polisin artıq buna ixtiyarı var. Hər kəs öz məsuliyyətini dərk edəcək ki, icazəsiz küçəyə çıxsa, yaxalanacaq”.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidməti hələ ki, açıqlama verməyib.