Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərin məhkəmə istintaqı tamamlanıb

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərin məhkəmə istintaqı tamamlanıb Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
11 Sentyabr , 2018 14:29
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərin məhkəmə istintaqı tamamlanıb
Report

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə "AST Petrol"un növbə rəisi Cəmil Nuruşov ifadə verib.

O bildirib ki, S.Mayıllı həmin yanacaq doldurma məntəqəsində çilingər köməkçisi işləyib, N.Mustafayevi isə tanımır: "Zərərçəkmiş Mehman Cabbarov isə bizdə operator işləyirdi. Təhvil-təslim vaxtı kassanı götürürdü. Səhər saat 04:30 radələrində mən də ətrafda gəzişirdim, əraziyə nəzarət edirdim. Otaq tərəfdən səs gəldi, gəlib baxanda gördüm ki, iki nəfər maskalı adam Mehmanı yerə yıxıb gözlərini bağlayıb. Məni görən kimi "içəri keç, tez" deyə qışqırdılar. Mən taxta parçası götürüb onların üstünə qayıtmaq üçün başqa yerə getdim. Qayıdanda onlar çıxıb getmişdilər. Həmin şəxslər Mehmanın cibindən pulu götürmüşdülər. Onlardan birinin əlində bıçaq var idi".

Məhkəmədə məlum olub ki, S.Mayıllı 2015-ci ildə internet klubdan 850 manat oğurladığı üçün həbs edilib. Ona iki il sınaq müddəti olmaqla, şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub.

Növbəti proses sentyabrın 13-də davam etdiriləcək. Həmin iclasda prokurorun çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Mailli və Kürdəmir sakini N.Mustafayev tutulublar.

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi