Bakıda tanışını tüfənglə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

Hadisə
  • 27 mart, 2019
  • 07:12
Bakıda tanışını tüfənglə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yanında, elə həmin ünvanda yaşayan E.Əliyev tanışı Namiq Nəcəfovu öldürmək məqsədilə ona ov tüfəngindən atəş açıb.

E.Əliyev cinayəti törətdikdən sonra qaçaraq gizlənib. Lakin post-patrul xidmətinin əməkdaşları onu saxlayıblar.

Ağır yaralanan N.Nəcəfov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.