Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB-6

Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB-6 Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.
Hadisə
10 Mart , 2023 18:18
Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB-6

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:

"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək".

17:05

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqəli TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

TƏBİB-dən "Report"a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.

15.31

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

15.22

Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıb.

15:12

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".

15:01

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

"Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək".

14:53

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

Məlumat "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi