​Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib

​Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib Hadisə mübahisə zəminində baş verib
Hadisə
11 Dekabr , 2014 03:13
​Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib
Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gecə paytaxın Suraxanı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Qayınana öz gəlinini və 6 aylıq nəvəsini qətlə yetirib.

"Report" Suraxanı rayon Polis İdarəsinə istinadən xəbər verir ki, tükürpədən cinayət rayonun Qum adası Zeytun bağları adlanan ərazisində kirayədə qalan 40 yaşlı Şərqiyyə Hüseynovaya məxsus evdə baş verib.

Belə ki, Şərqiyyə Hüseynova birgə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlini Elnarənin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova huşsuz vəziyyə yerə yıxılıb və hadisə yerində keçinib.

Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək nəvəsi, yəni Elnarə Nəcəfovanın 6 aylıq qızı Emilyanı boğaraq, onu da amansızlıqla qətlə yetirib.

Hadisədən xəbər tutan qonşular dərhal ərazi üzrə 30-cu polis bölməsinə xəbər veriblər. Suraxanı rayon polis və Prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar. Qətl yerinin müayinəsi aparılıb. Ana-balanın cəsədləri Suraxanı rayonu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Şərqiyə Hüseynova da saxlanılıb. İlkin dindirmə zamanı qadın hadisəni mübahisə zamanı törətdiyini etiraf edib.

Qeyd edək ki, qadın hadisəni törədərkən oğlu işdə olub. Suraxanı rayon Prokurorluğundan aldığımız məlumata görə, saxlanılan qadının psixoloji problemləri var. Hər halda bu aparılan araşdırmalar zamanı məlum olacaq.

Faktla bağlı xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla, iki və ya daha çox şəxsi öldürmə maddəsi üzrə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi