​Bakıda ömürlük cəza alan musiqiçinin apellyasiya şikayətinə baxılıb

​Bakıda ömürlük cəza alan musiqiçinin apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
19 Yanvar , 2016 14:58
​Bakıda ömürlük cəza alan musiqiçinin apellyasiya şikayətinə baxılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində iki qadını zəhərləyərək ölürməkdə təqsirləndirilən Astara rayon sakini Aydın Qəhrəmanov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. A.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Qəhrəmanov 2008-ci ildə qeyri-rəsmi nikahda yaşadığı Aidə və onun qardaşı qızı Samirə Yəhyayevanı zəhərləyərək öldürüb. Buna səbəb o, A.Yəhyayevanın bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşməsi olub. A.Qəhrəmanov aptekdən “Finlepsin” və “Amirtiptilin” dərmanı alıb evə gətirib. Dərmanı yuxugətirici kimi A.Yəhyayeva və S.Yəhyayevaya içirib. Hər iki qadın zəhərlənmə diaqnozu ilə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Sentyabrın 7-də S.Yəhyayeva xəstəxanada ölüb. A.Yəhyayevanın isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən istifadə edən A.Qəhrəmanov N.Yəhyayevaya məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanova satıb.

A.Yəhyayeva isə sentyabrın 18-də dünyasını dəyişib.

Həmin il A.Yəhyayeva və S.Yəhyayevanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 ilə yaxın davam edən istintaqın sonunda hər iki qadının intihar məqsədilə dərman içmədikləri məlum olub.

Daha sonra istintaq A.Yəhyayeva və S.Yəhyayevanı A.Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. A.Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb. 

A.Qəhrəmanov əvvəllər musiqi ifaçısı olub.

2014-cü il oktyabr ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə A.Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Qərardan narazı qalan A.Qəhrəmanov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi