Mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
“Report” xəbər verir ki, beynəlxalq tədbir Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfədir keçirilir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın bütün region üçün aktual və yeni elmi istiqamətlərə həsr olunduğunu vurğulayıb, tədbirin AMEA-da məhkəmə arxeologiyası və antropologiyası məsələlərinə dair ilk konfrans olduğunu diqqətə çatdırıb. O, beynəlxalq konfransın işğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 il ərzində törədilmiş cinayətlərin arxeoloji və antropoloji baxımdan tədqiqinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Alim Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda hələ bir neçə il öncə Antropologiya Mərkəzinin yaradıldığını xatırladaraq, Akademiyada antropoloji tədqiqatların aparılmasına böyük diqqət yetirildiyini bildirib. Diqqətə çatdırıb ki, bu günlərdə Antropologiya Mərkəzinin son 4 il ərzində apardığı tədqiqatların nəticələrindən ibarət elmi məqalələr toplusunun I buraxılışı işıq üzü görüb.
AMEA rəhbəri qeyd edib ki, Antropologiya Mərkəzində fəaliyyət göstərən gənc tədqiqatçıların dünyada antropologiya elmində gedən prosesləri, bu istiqamətdə əldə olunan mühüm elmi nəticələri və beynəlxalq təcrübəni öyrənməsi, eləcə də ölkəmizdə antropologiya elmini inkişaf etdirməsi üçün dünya arxeoloq və antropoloqlarının bir araya gəldiyi bu kimi konfransların keçirilməsinin böyük önəmi vardır.
“Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həm məhkəmə-ekspertiza sistemi, həm dövlət təhlükəsizlik sistemi, eləcə də digər inzibati orqanlarda, o cümlədən AMEA-da son illərdə antropologiya və məhkəmə arxeologiyası üzrə tədqiqatlar aparılmaqdadır”, - deyən alim bugünkü konfrans vasitəsilə qurulacaq əlaqələrin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Akademik İsa Həbibbəyli Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin nəticəsi olaraq müstəqillik qazandığını və ölkə Prezidenti İlham Əliyevin bu hüquqi dövləti bütün istiqamətlər üzrə inkişaf etdirərək dünyada və regionda nüfuzlu bir dövlətə çevirdiyini vurğulayıb.
“Prezident İlham Əliyev apardığı xarici və daxili siyasətlə müstəqil Azərbaycanı yeni bir intibah səviyyəsinə qaldırmışdır”, - deyən AMEA prezidenti 30 il ərzində Ermənistanın işğalı altında olmuş torpaqlarımızda törədilmiş vəhşiliklərin bu torpaqların azad olunmasından sonra araşdırılması üçün görülən işlərdən danışıb. O, bu ərazilərdə erməni vəhşiliklərinin nəticəsi olan kütləvi meyitlərin kimliyinin müəyyənləşdirilməsində, bu istiqamətdə elmi tədqiqatlara əsaslanan nəticələrin əldə olunmasında problemlərin olduğunu deyərək, bu baxımdan bugünkü konfransın təşkilatçısı olan qurumların birgə fəaliyyətinin önəminə toxunub.
Akademik İsa Həbibbəyli hüquqi, siyasi və elmi əhəmiyyətə malik olan tədbirin məhkəmə arxeologiyası və antropologiyası sahələrində ABŞ, Argentina, Bosniya və Herseqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyə, o cümlədən Azərbaycandan olan mütəxəssis və elmi tədqiqatçıları bir araya gətirdiyini söyləyib, qeyd edilən sahələrin beynəlxalq standartlar, multidissiplinar çərçivə və humanitar yanaşma tətbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulmasını və inkişaf etdirilməsini hədəflədiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov mühüm elmi istiqamətləri əhatə edən beynəlxalq konfransın işinə uğurlar arzulayıb.
İsmayıl Axundov Birinci və İkinci Qarabağ müharibəsindən sonra Ermənistana təhvil verilən şəxslərin sayı haqqında statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, qarşı tərəfə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməniəsilli şəxs azad edilərək təhvil verilib.
Onun sözlərinə görə, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib.
İşçi Qrupun rəhbəri 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar prosesin həyata keçirildiyini bildirib.
İsmayıl Axundov, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işində, bu istiqamətdə aparılan tədqiqatlarda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşlarının yaxından iştirak etdiklərini vurğulayıb.
Tədbirdə BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Koiç çıxış edərək məhkəmə tibbi ekspertizasından, təmsil etdiyi qurumun fəaliyyətindən və təcrübəsindən söz açıb. O, əsir və itkin düşmüş insanlar haqqında məlumatların, eləcə də bioloji nümunələrin toplanılmasında müxtəlif ölkələrə köməklik göstərdiklərini bildirib.
Draqana Koiç diqqətə çatdırıb ki, təmsil etdiyi təşkilat itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycanla yaxından əməkdaşlıq edir. Onun sözlərinə görə, itkin və əsir düşmüş şəxslərin taleyinin müəyyənləşməsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə də sıx əlaqələr mövcuddur.
BQXK təmsilçisi “Azərbaycanda münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin qalıqlarının götürülməsi və identifikasiyası üzrə Pilot layihə”nin həyata keçirilməsinə dəstək verdiklərini də vurğulayıb. O, konfransın bu sahələrin inkişafına və əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Daha sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov çıxış edərək məhkəmə arxeologiyası və məhkəmə antropologiyası mövzusunda Cənubi Qafqaz regionunda keçirilən ilk beynəlxalq tədbirin əsas müzakirə obyektinin Birinci Qarabağ Müharibəsi dövründə (1988-1994-cü illər) itkin düşmüş şəxslərin taleyi məsələsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti nəticəsində Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra, işğaldan azad edilmiş ərazilərdə yerləşən kütləvi məzarlıqların müəyyən edilməsi, həmin ərazilərdə qazıntı işlərinin aparılması, aşkar olunan insan qalıqlarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi də tədbirin məqsədləri sırasındadır.
Direktor 2022-ci ilin fevral ayında Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilən insan skeletlərinin tədqiqi üçün institut əməkdaşlarının əraziyə ezam olunduğunu və aparılan qazıntı işləri zamanı 7 skeletin tapıldığını qeyd edib: “Antropoloqlarımızın, Hərbi Prokurorluq və Patoloji Anatomiya Birliyi mütəxəssislərinin verdiyi rəyə görə, bu skeletlar Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun döyüşçülərinə məxsusdur”.
O, keçən il Dövlət Komissiyasının üzvləri ilə birlikdə institutun əməkdaşı, t.ü.f.d. Akif Quliyevin Şuşa, Daşaltı və Xocavənd rayonu ərazilərində kütləvi məzarlıqların güman edildiyi yerlərdə kəşfiyyat işləri apardığını diqqətə çatdırıb. Professor Abbas Seyidov bildirib ki, Dövlət Komissiyasının işçi qrupu Qarabağda - Edilli kəndi ərazisində axtarış işlərini davam etdirmiş, tədqiqatlar zamanı tək halda 6, kütləvi halda isə 12 nəfərə aid insan qalıqları aşkarlanmışdır. 2022-ci ilin oktyabrında Edillida davam edən tədqiqatlar zamanı isə daha 4 nəfərə aid insan skeleti aşkar edilmişdir.
Direktor hazırda ekspedisiyanın Füzuli rayonunun Yuxarı Seyidəhmədli və Aşağı Seyidəhmədli kəndləri ərazisində tədqiqat işlərini davam etdirdiklərini söyləyib.
Daha sonra beynəlxalq tədbir işini panel iclasları ilə davam etdirib.
Qeyd edək ki, mayın 24-dək davam edəcək konfransda müxtəlif ölkələrdən olan iki yüzdən çox iştirakçı məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşəcəklər.
Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir.
“Report”un xəbərinə görə, toplantı Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutur.
Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşənlər olacaq.
Tədbirdə BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç, AMEA prezidenti İsa Həbibbəyli, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov, dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Konfrans işini sabah başa çatdıracaq.