Bakıda kafedə cinayət törədən şəxsə hökm oxunub

Bakıda kafedə cinayət törədən şəxsə hökm oxunub Rəhman Qəhrəmanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
30 Avqust , 2017 15:47
Bakıda kafedə cinayət törədən şəxsə hökm oxunub

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhman Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Qəhrəmanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu ilin fevralında baş verib. O, Keşlə qəsəbəsində yerləşən "Köylü" kafesində Ədalət Həsənovu bıçaqlayıb. 

R.Qəhrəmanov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

R.Qəhrəmanov əvvəllər də məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və islah işləri cəzasına məhkum olunub.

Məhkəmdə R.Qəhrəmanov özünü ittiham üzrə təqsirli bilib. Deyib ki, əvvəllər zərərçəkmişi tanımayıb: "Ədaləti orada ilk dəfə görmüşəm və tanımamışam. Mən həmin kafedə masada tək əyləşmişdim, pivə içirdim. Onlar 3 oğlan, 3 qız idilər. Məndən soldakı masada əyləşmişdilər. Ədalət mənə “bizə baxırsan” deyərək üstümə gəldi. Onlara baxmadığımı dedim. Buna əhəmiyyət vermədilər. Ədalətin yanında olan və adlarının sonradan Emin və Nicat olduğunu bildiyim şəxslərdə üstümə gəldilər. Onlar məni kafedə döyməyə başladılar”.

Son xəbərlər

Orphus sistemi