Yuxarı

Bakıda iş yoldaşını qətlə yetirən avtobus sürücüsü 18 il müddətinə azadlıqdan məhrum edilib

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətl hadisəsi bu il mart ayının 23-də Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib. 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı M.Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb. Ürək nahiyəsindən bir bıçaq zərbəsi alan Z.Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Hadisədən sonra M.Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi