Bakı. 11. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına əsasən, A.Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.
Bundan başqa, A.Əliyev universitetə tələbə qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.
Məhkəmədə elan edilmiş ittiham üzrə A.Əliyev özünü qismən təqsirli bildiyini deyib.
O söyləyib ki, digər şəxslərlə iş görmək adı ilə razılaşsa da, sonradan iş alınmayıb, aldığı borcları da qaytara bilməyib.
A.Əliyevin sözlərinə görə, sonradan həmin şəxslərə razılığa gəlib.
Məhkəmədə o, yalnız F.Muxtarovla bağlı ittihamı qəbul etmədiyini vurğulayıb: "Mən də Faiq Muxtarovu məhkəməyə vermişəm. Faiqlə şərikli biznes işi görəcəkdik. Onun özü MTN-in əməkdaşı olub. Mən guya onu MTN-ə işə düzəltmək adı ilə ondan pul almışam. Sonra da guya o, bir neçə dəfə iş görmək adı ilə mənə pul verib. Əgər bir dəfə pul veribsə, işini görməmişəmsə, ikinci, üçüncü dəfə niyə pul verirdi? O, məndən 230 min pul alıb. Həmin pulu ona görə verdim ki, Faiqin gətirdiyi malların rüsumunu ödəmək lazım idi. Əgər deyildiyi kimi, mən Faiqdən 400 min alsaydım, burada olmazdım. Mən mülki qaydada Faiq Muxtarovu məhkəməyə vermişəm. Avqustun 17-də məhkəmənin qərarı elan olunacaq”.
A.Əliyev qeyd edib ki, F.Muxtarovun qardaşı Daxili İşlər Nazirliyində işləyir: "Faiq deyir ki, guya mən ondan vəzifəli şəxslərə pul vermək üçün rüşvət almışam. Mənim öz şirkətimə 20 milyonluq mal gəlirdi. Mən bu qədər işin içində gedib Faiqdən 10 mini niyə almalı idim? Guya aldığım pulu MTN-ə rüşvət kimi verəcəkdim".
Məhkəmədə zərərçəkmiş F.Muxtarov da ifadə verib. O, Azad Əliyevin dediklərinin yalan olduğunu bildirib: "Azad Əliyevi məclislərdən birində tanımışam və daha sonra onunla bir neçə dəfə görüşmüşəm. O, həmin zaman vəzifəli şəxslərin adını çəkirdi. Bəziləri ilə qohum olduğunu, bəziləri ilə sinif yoldaşı olduğunu deyirdi. Mən Bakıya tikinti materialları gətirirdim. O, mallarımı daha ucuz qiymətə gömrükdən keçirəcəyini söylədi. Bu da mənə sərf edirdi. Bir neçə dəfə mal gətirmək üçün ona pul verdim. Sonra armatur gətirəndə hər tonunda 15 min güzəşt edəcəyini dedi. Bunun üçün 100 min verdim. Amma mallar gecikdi. Daha sonra Azad əlavə olaraq malı çıxarmaq üçün 5 min MTN işçisinə, 10 min gömrüyə, 5 min də Hesablama Palatasına vermək adı ilə istədi. Sonra da gəmi ilə mal gətirdik. Həmin malı da gətirəndə problem yarandı və iki dəfə cərimələndik. Azad bildirdi ki, xərci öz hesabından çıxacaq"
Zərərçəkmiş F.Muxtarov deyib ki, A.Əliyev qum-çınqıl işinin sabiq nəqliyyat naziri Ziya Məmmədovdan alınıb onun şirkətinə verildiyini söyləyib.
F.Muxtarovun sözlərinə görə, təqsirləndirilən şəxs onu yalandan aldadıb ki, Müdafiə Nazirliyində keçirilən tenderdə qalib gəlib: "Həmin zaman bir polkovnikin adı ilə mənimlə danışdı. Mən də Azadın səsini tanıdım. Sonra and-aman elədi ki, polkovnikin adından danışan o deyildi”.
Məhkəmədə F.Muxtarov MTN-ə işə düzəlmək üçün A.Əliyevə pul verməsi epizodu üzrə də danışıb.
O vurğulayıb ki, bir neçə il əvvəl MTN-də ixtisara düşüb, A.Əliyev də onu işə bərpa edəcəyi vədini verib: "O, mənə MTN-də Karlar idarəsinin rəisi ilə qohumu olduğunu söylədi. Düzdür, mənim də bu işdə təqsirim var. Rüşvətverməyə görə mənə veriləcək cəzaya da razıyam”.
F.Muxtarov bildirib ki, ona 300 min manat və 103 min dollar məbləğində ziyan dəyib.
Məhkəmənin növbəti iclası avqustun 17-nə təyin edilib.
Xatırladaq ki, A.Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) və 29, 312-ci (rüşvət verməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş F.Muxtarov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olub.