Bakıda dələduzluqda təqsirləndirilən müəllimin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakıda dələduzluqda təqsirləndirilən müəllimin məhkəməsində zərərçəkmiş ifadə verib Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib
Hadisə
3 Noyabr , 2016 17:56
Bakıda dələduzluqda təqsirləndirilən müəllimin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Validə Əsədovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

V.Əsədova elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş İlham İbişov ifadə verib. O, V.Əsədovanın ondan 22 min manatlıq qızıl alıdğını bildirib: "Həmin pullardan 8 min manatı versin, onu bağışlayım".

V.Əsədova İ.İbişovdan həmin qızılları özü üçün aldığını söyləyib: "İlham İbişovdan aldığım qızılları istintaq zamanı müstəntiqə təqdim etmişəm".

Daha sonra zərərçəkmiş Vüqar Həşimov dindirilib. O, təqsirləndirilən şəxsə 200 min manata torpaq satdığını qeyd edib: "Mənə təcili pul lazım idi. Torpağımı 200 min manata Validə xanıma satdım. O da torpağı onun adına keçirməyimi istədi. Torağı onun adını keçirəndən sonra pulumu vermədi".

V.Əsədova həmin torpağı İlham adlı şəxsə satdığını və pulunu ala bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, Bakının Binəqədi rayon sakini Əbilova Validə Əsəd qızı özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 9 ünvanında yerləşən “Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan İsmayılov Məharət İzzətəli oglu, Hüseynova Leyla Hüseyn qızı, Bağırova Samirə Səxavət qızı, Əbilov Əbil Cəmil oğlu, İbişov İlham Qiyas oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir.

O, 26 sentyabr 2014-cü il tarixində həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə V.Əbilova barəsində şikayət ediblər. V.Əbilov zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını dəyişib və Əsədova soyadını götürüb. Buna baxmayaraq, rayon hüquq-mühafizə orqanları onu saxlayaraq, istintaqa cəlb ediblər.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, V.Əsədova 276 saylı məktəb-liseydə müəllimə işləyib.

Son xəbərlər

Orphus sistemi