Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
- 29 aprel, 2026
- 00:00
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan ikiotaqlı mənzilin mətbəxində dolab və soba yanıb.
Yanğınsöndürənlər tərəfindən mənzil sahibi, 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyiti blokun girişində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.