Bakıda axtarışda olan şəxslər saxlanılıblar

Hadisə
  • 01 fevral, 2020
  • 07:44
Bakıda axtarışda olan şəxslər saxlanılıblar

Bakıda sosial neqativ hallara qarşı mübarizə gündən-günə güclənir.

"Report"un xəbərinə görə, əməliyyat-axtarış xidmətləri ilə yanaşı, ərazidə polis orqanlarının Post Patrul Xidməti (PPX) əməkdaşlarının fəallığı artmaqdadır. 

Müəyyən olunan xidməti ərazidə müşahidə olunan hüquq pozuntularına çevik reaksiya verilir.

Ötən gün ərzində cinayət-axtarış xidmətləri tərəfindən 22 cinayətin üstü açılmaqla şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub.

Cinayət axtarış xidmətləri ilə yanaşı, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) PPX əməkdaşları borclu kimi axtarışda olanlar – 1988-ci il təvəllüdlü Ü.Fərəcov və E.Səmədovu müəyyən ediblər, Sabunçu RPİ PPX əməkdaşları 1989-cu il təvəllüdlü B.Kərimovdan 246 qram metamfetamin, əvvəllər Cinayət Məcəlləsinin (CM) 306-cı maddəsi ilə məhkum olunan 1991-ci il təvəllüdlü T.Vəliyevdən 2,512 qram heroin, 165 qram metamfetamin və evinin yaxınlığında yerləşən yarımtikilidən 1 kq 700 qram heroin aşkarlayıblar, Yasamal RPİ-nin əməkdaşları CM-in 177-ci maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü X.İsmixanovu saxlayıblar.

Saxlanılan şəxslər ərazi üzrə şöbə və bölmələrə təhvil verilib. 

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son aylar polis orqanlarında həyata keçirilən sistemli islahatlar, vətəndaş məmnunluğunun təmin edilməsilə bağlı qarşıya qoyulan tələblər, aparılan yoxlamalarda aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması müsbət nəticələr verir.