Video əlavə olunub
*** 16:41
Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini, 18 yaşlı İntiqam Məmmədov vurulub. Sabunçu rayon Polis idarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyev saxlanılıb.
Zərərçəkənin yaxınları Sabunçu rayon Polis idarəsinə məlumat verəndən sonra piyadanın axtarışlarına başlanılıb. İ.Məmmədov qəzanın səhəri günü polislər tərəfindən yaralı halda atıldığı yerdən tapılaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır.
İstintaq zamanı o da müəyyən olunub ki, E.Əliyev bir neçə il əvvəl piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmənin qərarı ilə məhkum olunub.
Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
*** 12:47
Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb.
Sabunçu rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.