Bakıda arvadını bıçaqlayan şəxs məhkəmədə ifadə verib: "Əsəbləşib onu bıcaqla vurdum"

Bakıda arvadını bıçaqlayan şəxs məhkəmədə ifadə verib: "Əsəbləşib onu bıcaqla vurdum" O, ittihamla razılaşmayıb
Hadisə
24 Noyabr , 2016 14:58
Bakıda arvadını bıçaqlayan şəxs məhkəmədə ifadə verib: Əsəbləşib onu bıcaqla vurdum
Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Fərhad Hüseynovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. F.Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Daha sonra o, sərbəst ifadə verib. Təqsirləndirilən şəxs hadisənin ailə münaqişəsi zəminində baş verdiyini söyləyib: "Arvadım Rəna ilə aramızda mübahisə düşdü. Əsəbləşib onu bıcaqla vurdum. Həmin zaman yanımızda heç kəs yox idi. Rənanın bacısı deyir ki, guya hadisə zamanı orada olub. Lakin o, yalan danışır".

F.Hüseynov ona sürülən ittihamla razılaşmadığını bildirib.

Qeyd edək ki, hadisə bu il iyul ayının 25-də Xəzər rayonun Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü F.Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. R.Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən F.Hüseynov həbs edilib. O, istintaqa verdiyi ifadəsində bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. F.Hüseynov Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi