Bakıda arvadını bıçaqlayan şəxs kassasiya şikayəti verib
- 12 dekabr, 2016
- 06:20
Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Məhəmməd Adil oğlu Əliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.
"Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 13-nə təyin edilib.
İşə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə 2015-ci il aprel ayının 16-da Bakının Suraxanı rayonu Tağıyev küçəsində baş verib. 31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı, 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. O, A.Gülüşovanın baş, boğaz və qol nahiyələrinə bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görən M.Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər kliniki xəstəxanasına çatdırıblar. M.Əliyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham olunub.
Noyabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.Qərardan narazı qalan M.Əliyev apellyasiya şikayəti verib
Bakı Apellyasiya Məhkəməsində M.Əliyevin apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Daha sonra o, Ali Məhkəməyə müraciət edərək, kassasiya protesti verib.