Bakıda 150 manata görə tanışını öldürməkdə təqsirləndirilən şəxs: "Ona bir bıçaq vurmuşdum"

Bakıda 150 manata görə tanışını öldürməkdə təqsirləndirilən şəxs: "Ona bir bıçaq vurmuşdum" Proses martın 19-dək təxirə salınıb
Hadisə
15 Mart , 2018 12:29
Bakıda 150 manata görə tanışını öldürməkdə təqsirləndirilən şəxs: Ona bir bıçaq vurmuşdum

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tünzalə Əliyeva ifadə verib.

O, təqsirləndirilən şəxslərdən Vüqar Əlizadənin anası olduğunu deyib. Şahid oğlunun bu işdə əlinin olmadığını söyləyib: "Vüqar ona bir bıçaq vurub. Səbəb də söyüş olub. Oğlumun başqa təqsiri yoxdur. Bunun hamısı İlhamın işləridir. O, cinayəti oğlumun boynuna yıxdı".

T.Əliyeva bildirib ki, təqsirləndirilən şəxs İ.Əliyev onun oğlunu aldadıb və cinayəti boynuna qoyub.

Təqsirləndirilən İ.Əliyev şahidin dediklərini yalan adlandırıb: "Qətlə görə Vüqar tutulmuşdu. Hadisədən üç gün sonra yalandan dedilər ki, qətli mən törətmişəm. Vüqara da anası öyrətmişdi ki, yalan ifadə versin. İstintaqda da Vüqar bunu etiraf edib. Mərhuma bütün bıçaq zərbələrini Vüqar Əlizadə vurub. Bu işdə Nicat da olub. Amma Nicat ona bıçaq vurmayıb. Nicat mərhumu tutmuşdu. İndi məhkəməyə gəlib ifadə vermir".

V.Əlizadə isə istintaqda iki dəfə fərqli ifadə verməsinin səbəblərini açıqlayıb. O, əvvəlcə işi boynuna götürdüyünü söyləyib: "İlham yalvardı ki, üç övladı var. Bildirdi ki, bıçaqlanan adam ölməyib, sadəcə ürəyi gedib. Mən ona bir bıçaq vurmuşdum. Amma polisdə öyrəndim ki, bir neçə bıçaq dəyib. Polisə də dedim ki, digər bıçaqları İlham vurub. Sonra da İlham həbs edildi".

Növbəti iclasda hadisənin əsas şahidi olan Nicat adlı şəxs məhkəmədə ifadə verəcək.

Proses martın 19-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışında bir müddət əvvəl borc olaraq 150 manat pul alıb.

Daha sonra V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

Onlar arasında mübahisəsi davaya çevirilib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vurub.

Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.

Hər iki şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.

Məlumata görə, bir-birinin əleyhinə ifadə verən şəxslərin arasında düşmənçilik var. Bu səbəbdən onlar eyni şüşə qəfəsə salınmayıblar.

Son xəbərlər

Orphus sistemi